Manuel Uqarte PSJ-də tibbi müayinədən keçdi

Lissabon “Sportinq”inin uruqvaylı dayaq yarımmüdafiəçisi Manuel Uqarte Fransa çempionu PSJ-də tibbi müayinədən keçib.

Arena.az məsələni diqqətdə saxlayan italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, tibbi müayinədən az sonra tərəflər müqavilə imzalayacaqlar.

Müqavilənin beş il müddətinə nəzərdə tutlduğu deyilir. Transferin məbləği 60 milyon avrodur.

Bu yaxınlarda Portuqaliya mətbuatı Uqartenin “Çelsi”yə keçəcəyini iddia edirdi. Bu ərəfədə Paris klubunun Uqarteyə son dərəcə sərfəli müqavilə təklif etməsi ilə “zadəganlar”ın geri addım atdığı məlum olub.

22 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümündə “Sportinq”in heyətində 47 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Uqarte Uruqvay yığmasında 8 oyun keçirib. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının komandanın iştirak ərizəsində olsa da, turnirdə heç bir oyun keçirməyib.