Manuel Uqarte uğrunda “Çelsi” – PSJ mübarizəsi

Fransa nəhəngi PSJ Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Manuel Uqarte üçün illik məbləği 5 milyon avro olan müqavilə hazırlayıb.

Arena.az “Record”a istinadən xəbər verir ki, Uqarteyə İngiltərənin “Çelsi” klubu da iddialıdır.

Amma “zadəganlar”ın təklif etdiyi məbləğ parislilərin təklif etdiyindən iki dəfədən də azdır – 2 milyon avro. Buna rəğmən, London təmsilçisi geri durmaq fikrində deyil.

Mənbədən alınmış məlumata görə, xavbekin Premyer Liqada oynamaq istəyinə baxmayaraq, əməkhaqqında fərq əhəmiyyətli dərəcədədir. Bu səbəbdən uruqvaylı futbolçu öz gələcəyi barədə düşüncələrə dalıb.

Həmçinin bildirilir ki, parislilər futbolçu üçün “Sportinq”ə 60 milyon avro ödəməyə və bunu iki mərhələdə etməyə hazırdırlar. “Çelsi” isə bu məbləği beş mərhələdə ödəməyi öhdəsinə götürüb. Londonlular portuqalların xəzinəsinə 5 milyon avro bonus əlavə etməyi də boyun olublar.

Cari mövsümdə Manuel Uqarte “Sportinq”in heyətində 47 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçunun Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında bitir. “Transfermarkt” internet-portalı Uqarteni 25 milyon avro məbləğində qiymətləndirir.

Əvvəlcə, Uqarteni “Liverpul” və “Aston Villa” ələ keçirməyə çalışsalar da, “Çelsi”nin canfəşanlığı onları geri çəkilməyə məcbur edib. “Zadəganlar” ciddi cəhdlə uruqvaylı yarımmüdafiəçini “zadəgan” etmək fikrindədirlər.