16-cı dünya çempionu norveçli qrosmeyster Maqnus Karlsen “Qatar Masters Open” turnirinin 2-ci turunda gözlənilməz məğlubiyyətini şərh edib.
Arena.az məlumat verir ki, dünya reytinqinin hazırkı lideri Dohadakı məğlubiyyətdən sonra təşkilatçıları “fırıldaqçılığı ciddi qəbul etməməkdə” təqsirləndirib.
Xatırladaq ki, Karlsen qazaxıstanlı qrosmeyster Əlişir Süleymenova 31-ci gedişdə məğlub olub.
“Bugünkü oyunda tamamilə məhv oldum. Möhtəşəm oyun keçirən və qələbəyə layiq olan rəqibimi qınamaq istəmirəm, amma düzünü desəm, oyunun əvvəlində onun qol saatı taxdığını görən kimi, özümü cəmləşdirmək qabiliyyətini itirdim.
Əlbəttə ki, bu düşüncələrimlə düzgün məşğul ola bilməməyimə görə, məsuliyyəti öz üzərimə götürürəm, amma təşkilatçıların hələ də fırıldaqçılıqla mübarizədə tamamilə qeyri-ciddi olduğunu görmək də, inanılmaz dərəcədə məyusedicidir (yayımın ləngiməsi yoxdur, tamaşaçılar isə smartfonlarla oyun zalında gəzirlər)”, deyə Karlsen sosial şəbəkələrdə yazıb.