Maqomedxan Maqomedov Azərbaycana 7-ci medalı qazandırdı

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransada keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Arena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu gün üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Xatırladaq ki, Maqomedxan Maqomedov Olimpiadaya 1/8 finaldan başlamışdı. O, startda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlmiş və 9:0 hesablı qələbə qazanmışdı. 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşan Maqomedov onu da 7:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Final uğrunda görüşdə isə güləşçimizin qarşısını Gürcüstandan olan Givi Matçaraşvili kəsmişdi. Maqomedxan 0:5 hesablı məğlubiyyətlə üzləşdiyi üçün finala çıxa bilməmiş və bürünc medal uğrunda güləşmək məcburiyyətində qalmışdı.

Bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb. Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılmışdı. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olmuşdular. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənmişdi. Boksçu Alfonso Dominqes də Olimpiadanı gümüş medalla başa vurub. Güləşdə isə Həsrət Cəfərov (67 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanmışdılar.

Beləliklə, Maqomedxan Maqomedovun uğuru sayəsində Azərbaycan Paris-2024-də medal sayını 7-yə çatdırıb. Bu, hesabında 2 qızıl və 2 gümüş olan millimizin üçüncü bürüncü olub.

Paris-2024-ü 3 bürünc medalla bitirən güləşçilərimiz Olimpiadalar tarixində 28 mükafat əldə edib: 4 qızıl, 8 gümüş, 16 bürünc.

Maqomedov sərbəst güləşçilərimizin Parisdə ikinci uğurunun müəllifi olub. Ümumilikdə isə bu növdə Olimpiadalarda 14-cü mükafat qazanılıb: 3 qızıl, 4 gümüş və 7 bürünc.

Pəhləvanımızın medalı Olimpiadalar tarixinə Azərbaycan idmançılarının əldə etdiyi 57-ci mükafat kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən yığmamız 8-ci Oyunlarında bu rəqəmə çatıb. 9 qızıl və 16 gümüşü olan millimiz 31-ci bürüncü əldə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: