“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın əsas komandasının nəzərdə tutulmuş istirahətini ləğv edib.
Arena.az “The Athletic” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssisi müvafiq addıma, “Çelsi”nin əsas komandasının hazırlıq xüsiyyətli yoldaşlıq oyununda “zadəganlar”ın gənclərdən ibarət U-21 komandasına məğlub olması təhrik edib.
Vurğulanır ki, U-21 komandasının heyətində U-16 komandasının da oyunçuları yer alıblar və yeniyetmə və gənclərdən ibarət komandanın “Çelsi”nin əsas komandasını söküb-tökməsi Mareskanı cin atına mindirib. İtalyan mütəxəssis “əsas” “zadəganlar”ın istirahətinə haram qatıb və kollektivin başını məşqə bağlayıb.
Bildirilir ki, 90 dəqiqəlik yoldaşlıq oyununda çox güman ki, “Çelsi”nin əsas komandasının beynəlxalq fasilədə milli yığma komandalarına dəvət almamış bütün oyunçuları iştirak ediblər.
İngiltərə Premyer Liqasının 29 oyunundan 49 xal toplamış “Çelsi” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.