Mareska: “Çiluell yəqin ki, bizimlə məşqlərə qayıdacaq”

“Çelsi”nin baş məşqçisi Entso Mareska müdafiəçi Bencamin Çiluelin İngiltərə klubunun heyətindəki gələcəyi haqda danışıb.

Arena.az xatırladır ki, hələ, yay transfer pəncərəsi açıq olanda italyan mütəxəssis Çiluelin yeni komanda tapmasının daha yaxşı olacağını demişdi.

Amma Avropada transfer pəncərəsi bağlansa da, Çiluell özünə yeni iş yeri tapa bilməyib. Bu üzdən də Mareskanın müdafiəçi ilə bağlı hansı qərarı verəcəyi maraq doğurur:

“Biz Çiluellə oturub həll yolu tapacağıq. O, yəqin ki, bizimlə məşqlərə qayıdacaq. Gəlin, görək nə olacaq. İndi o, məşq etmir. Ayrı işləməsinin səbəbi onun komandadan getməsi haqda fikrinin olmasıdır”, deyə Mareska bildirib.

Ben Çiluell “Çelsi”yə 2020-ci ilin avqust ayında “Lester Siti”dən 50,2 milyon avro qarşılığında keçib. 27 yaşlı futbolçunun London klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Çiluell “zadəganlar”ın heyətində bütövlükdə 106 oyun keçirib, 9 qol və 12 məhsuldar ötürmə müəllifi olub. O, “Çelsi” ilə UEFA Çempionlar Liqasının (2020/2021) və UEFA Super Kubokunun (2021/2022) qalibi olub.

Ben Çiluell karyerası ərzində “Lester Siti”, “Haddersfild” kimi klubların da şərəfini qoruyub. O, 2018-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 21 oyuna çıxıb. Sol cinah müdafiəçisi bu görüşlərdə 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.