“Çelsi”nin baş məşqçisi, italyan mütəxəssis Entso Mareska “zadəganlar” üçün ən mükəmməl hücumçudan söhbət açıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim üçün mükəmməl “9 nömrə” – “Niko” Ceksondur. Bizim “9 nömrə”miz artıq var. İndi yay transfer pəncərəsi deyil. Əgər bizim ixtiyarımızda Nikolasın nüsxəsisi də olsa, bu, əla olacaq. Mən dəfələrlə demişəm, siz də görürsünüz ki, “Niko” ilə biz ən yaxşı komanda oluruq. “Niko” – bizə gərək olan kəsdir”, deyə Mareska vurğulayıb.
Seneqallı mərkəz hücumçusu Nikolas Cekson futbola “Casa Sports” klubunda qəbəm qoyub. Cekson karyerası ərzində “Vilyarreal”da çıxış edib və “Çelsi”yə də ispan klubundan keçib. London klubu seneqallı hücumçunu 2023-cü ilin iyul ayında “Vilyarreal”dan 37 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda satın alıb. Ceksonun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Cekson “Çelsi” üçün 26 oyuna 9 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Ceksonun “zadəganlar” üçün çıxışının ümumi mənzərəsi isə 70 oyun, 26 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Cekson 2022-ci ilin noyabr ayında debüt etdiyi Seneqal yığmasının heyətində 18 oyun keçirib, 1 qol vurib və 2 məhsuldar ötürmə verib.
Nikolas Cekson böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı seneqallı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.