“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın ingilis hücumameyilli yarımmüdafiəçisi Koul Palmer haqda danışıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Koul Palmerin bütün fəsadlarımızı çözə biləcəyini düşünürüksə, bu, böyük bir səhvdir. Biz bütün təzyiqləri onun çiynlərinə yükləyirik, bu isə yanlışdır. Bizim, özünü yaxşı tərəfdən göstərən çoxlu futbolçularımız var. Məsələ təkcə Koulda deyil, bütün kollektivdədir”, deyə Mareska vurğulayıb.
Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.
Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 54 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da əlavə edək ki, “Mançester Siti”nin Koul Palmeri “şəhərlilər”in düşərgəsinə qaytarmağa cəhd edəcəyi haqda məlumatlar yayılıb. İddiaya görə, “Mançester Siti” 2023-cü ilin yayında Palmeri “Çelsi”yə satmağın yersiz olduğunu anlayıb və 22 yaşlı futbolçunu “şəhərlilər”in düşərgəsinə qaytarmaq istəyir. “Zadəganlar” Palmeri buraxmaq istəmirlər, amma onun üçün “rekord” məbləğdə pul təklif edilərsə, bu imkanı nəzərdən keçirməyə hazırdırlar.
“Mançester Siti” Palmeri “şəhərlilər”in 33 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröynenin əvəzləyicisi kimi nəzərdən keçirir.