Mari-Luiza Eta – Bundesliqa tarixində ilk qadın məşqçi

“Union Berlin”in yeni baş məşqçisi əvəzi çalışdırıcısı Marko Qrotenin köməkçisi Mari-Luiza Eta Bundesliqa tarixində ilk qadın məşqçidir.

Arena.az xatırladır ki, noyabrın 15-i ərəfəsində “Union Berlin” isveçrəli mütəxəssis Urs Fişerin istefaya getdiyini elan edib.

Bu üzdən Marko Qrote Berlin klubuna baş məşqçi əvəzi təyin edilib. Qrotenin köməkçisi rolunu isə 32 yaşlı Mari-Luiza Eta icra edəcək. Əvvəllər Eta “Dəmir İttifaq”ın gənclər komandasında Qrotenin məşqçilər qərargahında çalışıb.

Mari-Luiza keçmiş futbolçudur. 2009/2010 mövsümündə o, “Turbin” komandasının tərkibində qadınlar arasında Çempionlar Liqasının qalibi olub. Həmçinin Mari-Luiza üç dəfə Bundesliqanın qalibi olub.

Vurğulayaq ki, “Union Berlin”in işləri heç də qaydasında getmir. Geridə qalmış 2022/2023-cü il mövsümündə Bundesliqada 4-cü yeri tutmuş “Dəmir İttifaq” cari mövsümdə UEFA Çempionlar Liqasında iştirakına rəğmən, Bundesliqanın 11 turundan sonra 6 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.