Rusiyalı voleybolçu Marina Tuşova bundan sonra Azərbaycan çempionatında çıxış edən “Gəncə”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Marina Tuşova ilə bölgə təmsilçisi arasında 1 illik müqavilə imzalanıb. Son olaraq Filippinin “Capital1 Solar Spikers” komandasında çıxış etmiş Tuşova 19 yaşadək voleybolçular arasında Avropa çempionatının qızıl mükafatçısıdır. O, Fransanın “Vandoeuvre Nansi”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub. Marina öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo” (Krasnodar), “Fakel” və digər komandalarda forma geyinib.
Gəncənin eyniadlı təmsilçisi yeni mövsüm ərəfəsində daha bir neçə legioner voleybolçunu heyətinə qatıb. Onlardan biri bolqarıstanlı Nikol Dulevadır. Onunla da 1 illik müqavilə imzalanıb. Voleybolçu 2023/2024 mövsümünü İsveçrənin VFM klubunda keçirib. Nikol Duleva Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, ölkəsinin isə “Kazanlak” və “Rakovski” komandalarının şərəfini qoruyub.
Braziliyalı voleybolçu Kerolayn Ferreyra Perotto da “Gəncə”yə keçib. Tərəflər 1 illik müqaviləyə imza atıblar. Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən Kerolayn Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. Ölkəsində isə “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.
Ukraynalı voleybolçu Olena Napalkova da yeni mövsümdə “Gəncə”nin formasını geyinəcək. Onunla da müqavilə 1 illikdir. Napalkova ötən mövsümü Kiprin “Nea Salamina” klubunda keçirib. Voleybolçu daha əvvəl Finlandiyanın “LiigaPloki”, Polşanın “AZS Politechnika Şlaska Qlivice”, Ukraynanın “Prometey” və “Ximik Yujny” klublarında forma geyinib.
Tailand millisinin üzvü Tiçakorn Bunlert də “Gəncə”yə üz tutub və 1 illik müqavilə imzalayıb. Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.
Rusiyalı voleybolçu Anastasiya Atepalina da “Gəncə” ilə 1 illik müqavilə imzalayıb. Ötən mövsümü Fransanın “Argentier 95” klubunda keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu” klublarında forma geyinib, Rusiyanın “Lokomotiv Angara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.
“Gəncə” daha öncə yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova ilə də müqavilə bağlamışdı.