“Nottingem Forest” və “Olimpiakos” klublarının sahibi, yunan iş adamı Evangelos Marinakis “Montsa” klubunu satın almağa hazırlaşır.
Arena.az bu barədə jurnalist Saşa Tavolyeriyə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yunan milyarder klub sistemi yaratmaq arzusunda olduğu üçün İtaliya A Seriyasının təmsilçisinə sahib olmaq istəyir. Artıq tərəflər arasında bu xüsusda müzakirələrin aparıldığı bildirilir.
Xatırladaq ki, Marinakis 2010-cu ildə “Olimpiakos”un sahibi olub, ötən mövsüm isə Pirey təmsilçisi Konfrans Liqasının qalibi adını qazanıb. Yunan iş adamı 2017-ci ildə İngiltərə təmsilçisi “Nottingem Forest”i satın alıb və bu müddət ərzində “meşəcilər” İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələ biliblər və buradakı yerini qoruya biliblər.
“Montsa” ötən mövsüm İtalya A Seriyasını 45 xalla 12-ci yerdə başa vurub. Müvafiq nəticə bu çapda klub üçün qənaətbəxş sayıla bilər.