Mario Balotelli əsəbiləşdi: “Mən bu A Seriyasını sökəcəyəm”

Qalmaqallı hücumçu Mario Balotelli İtaliya A Seriyasında səs-küy yaratmağa artıqlaması ilə söz verib və bunu özünəməxsus ifadə edib.

Arena.az xəbər verir ki, İtaliya yığmasının 34 yaşlı keçmiş hücumçusu ilə canlı yayım zamanı aparıcılardan biri, “Venesiya”nın və Finlandiya yığmasının 30 yaşlı hücumçusu Yoel Pohyanpalonu (Pohyanpalo) Mario Balotellidən üstün tutduğunu deyib.

Çılğın italiyalı hücumçu bu sözləri dilə gətirmiş yayımçını yuyub-sərib:

“Sən nə çərənləyirsən? Axır vaxtlar A Seriyasında oynamadığım üçün nailiyyətlərimi tanımırsan? Get sürüş – sən də, A Seriyası da! Söz verirəm: klub tapanda A Seriyasını cırıb-dağıdacağam! Bu nəcisə qalmış A Seriyasını sökəcəyəm!”, deyə Balotelli dil boğaza qoymayıb.

Xatırladaq ki, “Milan”, “İnter” və bir çox Avropa klublarının keçmiş hücumçusu Mario Balotelli bu yaxınlarda İtaliya A Seriyasına qayıtmaq istədiyini açıqlamışdı. Amma onun hansı kluba keçəcəyi hələ bilinmir.

Mario Balotellinin sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsizdir.

Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.

İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.

Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.