“Milan”, “İnter” və bir çox Avropa klublarının keçmiş hücumçusu Mario Balotelli İtaliya A Seriyasına qayıtmaq istədiyini açıqlayıb.
Arena.az xəbər verir ki, eyni zamanda qalmaqallı hücumçu xarici klublardan da təkliflər aldığını bildirib:
“Mən məşq edirəm və mənimlə hər şey qaydasındadır. Gələcəyimlə bağlı sakitəm. Bircə onu demək istəyirəm ki, xaricdən təkliflərim olub və var. Amma İtaliyaya qayıtmaq istəyim var. Mən bunu çoxdan gözləyirdim və ümidvaram ki, belə bir fürsət yaranacaq. Mən hazıram”, deyə Balotelli vurğulayıb.
Xatırladaq ki, Mario Balotellinin sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsizdir.
Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.
İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.