Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Mario Balotelli bundan sonra “Cenoa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Genuya klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu yeni komandasına azad agent kimi keçib. Tərəflər arasındakı müqavilə bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) nəzərdə tutulub.
İtaliya mətbuatının yazdığına görə, futbolçunun yeni klubundakı maaşı 250 min avro məbləğ və əlavə üstəliklərdən ibarət olacaq.
Xatırladaq ki, “Milan”, “İnter” və bir çox Avropa klublarının keçmiş hücumçusu olan Mario Balotelli bir müddət öncə İtaliya A Seriyasına qayıtmaq istədiyini açıqlamışdı. O, digər ölkələrdən təkliflər almasına baxmayaraq, İtaliyada çıxış etmək istədiyini bildirmişdi.
Mario Balotellinin sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsiz idi.
Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.
İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.
Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.





