Mario Götze “Ayntraxt”la yeni müqavilə bağladı

Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Mario Götze Frankfurt təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Frankfurtluların 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti isə 2025-ci ilin yayında bitəcəkdi.

Klubun bəyanatında deyilir: “Marionun, xüsusilə Almaniya Kubokunun finalı ərəfəsində yeni müqavilə imzalaması, vacib xəbərdir. O, bizim üçün insani və idmani baxımdan mükəmməl uyğunluq təcəssüm etdirir və getdikcə komandanın əsas oyunçularından birinə çevrilir. Keçən yay bildirmişdik ki, “Ayntraxt”a böyük bir insan və oyunçu cəlb edirik və Mario bunu hər gün öz zəhməti ilə sübut etdi”.

Mario Götze “Ayntraxt”da 2022-ci ilin iyulundan çıxış edir. 2022/2023 mövsümündə Götze “Ayntraxt”ın heyətində 45 oyunda 3 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib.

Götze daha öncə “Borussiya” (Dortmund), “Bayern” və PSV kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 66 oyuna çıxıb, 17 qola imza atıb.

“Transfermarkt” internet-portalı futbolçunu 13 milyon avro məbləğində qiymətləndirir.