Mario Mustapiç və Salif Sisse də “Kəpəz”dən getdilər

Mövsüm bitən kimi heyətlə bağlı islahatlara başlayan “Kəpəz” qapıçısı Mario Mustapiç və hücumçusu Salif Sisse ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə klub arasındakı müqavilənin müddəti başa çatıb və onlar “Kəpəz”dən ayrılıblar. Gəncə klubu xidmətlərinə görə hər iki futbolçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Mario Mustapiç bu ilin yanvarından “Kəpəz”in uğurları üçün çalışırdı. Xorvatiyadan olan 12 yaşlı qolkiper bu komandada 9 oyuna çıxıb və 12 top buraxıb. O, cəmi 1 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Salif Sisse də “Kəpəz”ə 2023-cü ilin yanvarında qoşulmuşdu. Fransa və Mali vətəndaşlığına malik 30 yaşlı forvard Gəncə təmsilçisində 13 oyuna çıxıb. O, bu oyunlarda cəmi 1 qol vurub.

“Kəpəz” Sisse və Mustapiçdən öncə Fərid və Yusif Nəbiyevlərin də komandadan ayrıldığını açıqlamışdı. Yusif artıq “Səbail”lə 1 illik müqaviləyə imza atıb. Fəridin isə tezliklə “Turan Tovuz”la müqavilə bağlaması gözlənilir.