“Maripuol”da çıxış edən Eldar Quliyev millimizə gətirilir

Ukraynanın “Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan yığmasında çıxış edə bilər.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

AFFA-nın 18 yaşlı futbolçuya Azərbaycan yığmasında oynamaq üçün dəvət göndərdiyi bildirilir. Quliyev isə öz növbəsində düşünmək üçün federasiyadan vaxt istəyib.

Eldar Şahbaz oğlu Quliyev 24 mart 2002-ci ildə Ukraynada dünyaya gəlib, 2011-2014-cü illər aralığında Kiyev “Dinamo”sunun futbol akademiyasında bu oyunun sirlərinə yiyələnib. O, daha sonra “Dnepr” (2014-2017), “Arsenal” (Kiyev, 2017) və Donetsk “Şaxtyor”unun (2017-2019) da aşağı yaş qrupları üzrə komandalarında forma geyinib.

2019-cu ildən isə Eldar Quliyev “Mariupol”da çıxış edir. Gənc futbolçu ötən il “Mariupol”la Ukrayna Premyer Liqasında debüt matçına çıxıb. Yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxsa da, rəqib qapılarına yol tapa bilməyib.

Xatırladaq ki, AFFA Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandanın sıralarına cəlb etmək istəyir. Quliyevdən fərqli, Nuriyevlə Əhmədzadə hücumçu mövqeyində çıxış edir.

“Minay”da forma geyinən daha bir futbolçu – Andrey Popoviç də millimizdən dəvət gözləyir. Vaxtilə Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Turan” və “Qəbələ”də də çıxış etmiş 29 yaşlı qolkiper bunu Ukrayna mətbuatına açıqlamasında bildirib. 2011-2014-cü illər aralığında U-21 və əsas yığmamızın formasını geyinmiş Popoviç bunları söyləyib: “Mən ukraynalıyam. Sadəcə, pasportum var və Azərbaycan millisində oynamışam. Bu ölkə ilə yaxşı əlaqələrim mövcuddur. Artıq üç il və ya daha uzun müddətdir yığmaya çağırılmıram. Ümumiyyətlə sonuncu dəfə nə vaxt dəvət aldığımı belə xatırlamıram. Hazırda şans var. Ümid edirəm martdakı toplanışda Azərbaycan millisinə dəvət alacağam. Çünki cari mövsüm bunun üçün çox şey etmişəm”.