Marius Şumudiça Türkiyə klubundan göndərildi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi Marius Şumudiça istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi komandanın uğursuz çıxışı ilə əlaqədar rumıniyalı mütəxəssislə yolları ayırmağa qərar verib. 52 yaşlı məşqçiyə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Marius Şumudiça 2023-cü ilin sentyabr ayından “Qaziantep”ə rəhbərlik edirdi. Super Liqa təmsilçisi bu müddətdə onun rəhbərliyi altında 27 oyuna çıxıb, 10 qələbə qazanıb, 6 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Şumudiça 2019-2021-ci illər aralığında da “Qaziantep”in “sükanı arxasında” çalışıb. O, həmin vaxt bu komandanı 51 oyuna çıxarıb – 20 qələbə, 19 heç-heçə, 12 məğlubiyyət.

Rumın məşqçi daha öncə Türkiyədə “Rizəspor”, “Kayserispor” və “Yeni Malatyaspor”u da çalışdırıb.

“Qaziantep” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 28 matçın 7-dən qalib, 7-dən heç-heçə, 14-dən məğlubiyyətlə ayrılıb. Komanda turnir cədvəlində 28 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.