Marius Şumudiça xəstəxanaya yerləşdirildi

Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi Marius Şumudiça xəstəxanaya yerləşdirilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Klub rumıniyalı mütəxəssisin ötən həftə xəstələndiyini və Qaziantepə gələndən sonra səhhətinin daha da pisləşdiyini bildirib. Müayinələrdən sonra 52 yaşlı baş məşqçinin müalicəsini xəstəxanada davam etdirməsinə qərar verilib. Hazırda onun durumunun yaxşılaşdığı vurğulanır.

Marius Şumudiça 2023-cü ilin sentyabr ayından “Qaziantep”ə rəhbərlik edir. Super Liqa təmsilçisi bu müddətdə onun rəhbərliyi altında 16 oyuna çıxıb, 8 qələbə qazanıb, 2 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Şumudiça 2019-2021-ci illər aralığında da “Qaziantep”in “sükanı arxasında” çalışıb. O, həmin vaxt bu komandanı 51 oyuna çıxarıb – 20 qələbə, 19 heç-heçə, 12 məğlubiyyət.

Rumın məşqçi daha öncə Türkiyədə “Rizəspor”, “Kayserispor” və “Yeni Malatyaspor”u da çalışdırıb.

“Qaziantep” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 18 matçın 8-dən qalib, 2-dən heç-heçə, 10-dan məğlubiyyətlə ayrılıb. Komanda turnir cədvəlində 20 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.