Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu! – Kolesnikdən ilk!

Qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Mariya Stadnik və Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olublar.

Arena.az xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşi üzrə 5 çəkidə çempionlar müəyyənləşib.

50 kq-da mübarizə aparan Mariya Stadnik finalda Evin Demirhanla qarşılaşıb. Titullu güləşçimiz çətinlik çəkmədən türkiyəli rəqibinə “tuş”la qalib gəlib. Beləliklə, indiyə qədər iştirak etdiyi bütün qitə birinciliklərində qələbə seriyasını davam etdirən Stadnik növbəti dəfə tarix yazaraq, 10-cu dəfə Avropa çempionu olub.

Xatırladaq ki, Mariya bir gün öncə 1/4 finalda rusiyalı Milana Dadaşovaya vaxtından əvvəl qalib gəlmişdi – 11:0. Titullu güləşçimiz yarımfinalda da ukraynalı Oksana Livaçı 6:0 yenərək finala yüksəlmişdi.

Buna qədər 3 dəfə Avropa çempionatında bürünc medal qazanmış Alyona Kolesnik də nəhayət qitənin ən güclüsü ola bilib. 59 kq-da yarışan güləşçimiz finalda ukraynalı Alina Filipoviçlə üz-üzə gəlib. Rəqibinə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələn Kolesnik 29 yaşında ilk Avropa çempionluğunu qeyd edib.

Alyona da bir gün əvvəl mübarizəyə 1/4 finaldan start vermişdi. Təmsilçimiz rumıniyalı Katerina Jidaçevskanı “tuş”la xalçadan məyus yola salmışdı. Kolesnik yarımfinalda polşalı Patrisiya Gilə də heç bir şans tanımamış (7:3) və ilk dəfə Avropa çempionatının finalına yüksəlmişdi.

Bu gün daha üç qadın güləşçimiz mübarizəyə qoşulub.

Jalə Əliyeva (57 kq) təsnifatda macarıstanlı Erika Boqnara 9:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Lakin o, 1/4 finalda ukraynalı Solomiya Vinnikə 5:12 hesabıyla məğlub olub və mübarizəni dayandırıb.

Birgül Soltanova (62 kq) mübarizəyə 1/8 finaldan başlayıb. O, norveçli Avropa çempionu və dünya ikincisi Qreys Bullenə “tuş”la məğlub olub. Rəqibi finala qədər irəlilədiyi üçün Birgül sabah təsəlliverici görüşə qatılacaq.

Elis Manolova (65 kq) təsnifatda yunanıstanlı Nikoleta Barmpaya 5:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Daha sonra o, belaruslu Tatyana Pavlovaya 4:1 hesabıyla qalib gələrək yarımfinala çıxıb. Elis yarımfinalda ukraynalı İrina Koliadenko ilə qarşılaşıb. 0:11 hesabıyla məğlub olan Manolova sabah bürünc medal uğrunda güləşəcək.