Mariya Stadnik: “Allaha şükür edirəm”

Ötən gün Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bu uğuru barədə təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, 35 yaşlı idmançı çox sevincli olduğunu söyləyib:

“Hisslərim izaholunmazdır. 5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik”.

Xatırladaq ki, Stadnik karyerası ərzində 5-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub. O, 1/8 finalda Menq Hsiehə (Çin Taypeyi), 1/4 finalda Violetta Çirikə (AİN) tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda KXDR təmsilçisi Son Hyanq Kimə 3:10 hesabı ilə uduzub. Stadnik bu səbəbdən yeganə vəsiqə uğrunda ikinci gün mübarizə aparmaq məcburiyyətində qalıb. 50 kq çəkidə çıxış edən idmançımız bürünc medal uğrunda bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə (10:0) qalib gəlib. O, lisenziya uğrunda görüşdə isə italiyalı Emanuela Liuzzi ilə qarşılaşıb və bu dueli də vaxtından əvvəl aktivinə yazıb – 10:0.

Bu, güləşçimizə karyerasında 5-ci dəfə Olimpiadada iştirak hüququ verib. Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı çempionluq üçün 5-ci cəhdini Fransa paytaxtında reallaşdıracaq.

Onu da vurğulayaq ki, Mariya Stadnik Parisdə medalçılar sırasına düşməyi bacarsa, dünya güləşi tarixinə 5 olimpiya medalı olan ilk qadın güləşçi kimi düşə bilər.