Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.
Görüş 4:4 hesabıyla yekunlaşıb. Amma rəqib sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Mariya Stadnik Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. O, startda almaniyalı Anastasiya Blayvasla qarşılaşmış və rəqibinə 6:2 hesabı ilə qalib gəlmişdi.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov da Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. 77 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 final mərhələsində Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib. İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.
Süleymanov yarımfinalda sonuncu dünya çempionatının 1/4 finalında məğlub etdiyi Qazaxıstan idmançısı Demeu Jadrayevlə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 20:15-dən sonra baş tutacaq.
Sənan da Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. O, startda Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi.
Xatırladaq ki, Azərbaycan güləşçiləri Olimpiadada mübarizəyə ötən gündən start veriblər. İlk gündə mübarizəyə qoşulmuş Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Murad Məmmədov startda uduzub. Sabah Şəriəti isə yarımfinalda uduzduğu üçün bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.