Qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatının finalına yüksəliblər.
Arena.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün qadın güləşi üzrə mübarizəyə start verilib. İlk gündə 2 çəkidə güləşçilərimiz mübarizəyə başlayıblar.
Mariya Stadnik (50 kq) 1/4 finalda rusiyalı Milana Dadaşovaya vaxtından əvvəl qalib gəlib – 11:0. Titullu güləşçimiz yarımfinalda ukraynalı Oksana Livaçdan da güclü olub – 6:0. Beləliklə, Stadnik 10-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya sabah baş tutacaq həlledici görüşdə türkiyəli Evin Demirhanla güləşəcək.
Alyona Kolesnik (59 kq) də mübarizəyə 1/4 finaldan start verib. Təmsilçimiz rumıniyalı Katerina Jidaçevskanı “tuş”la xalçadan məyus yola salıb. Kolesnik yarımfinalda polşalı Patrisiya Gilə də heç bir şans tanımayıb – 7:3. İlk dəfə Avropa çempionatının finalına yüksələn Alyona həlledici görüşdə ukraynalı Alina Filipoviçlə qarşılaşacaq. Final fevralın 15-də baş tutacaq.
Xatırladaq ki, Avropa çempionatı fevralın 18-də başa çatacaq. Qadın güləşi üzrə yığmamız Buxarestdəki yarışa 5 idmançı ilə yollanıb. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi çıxış edəcək digər xanım güləşçilərimiz fevralın 15-də mübarizəyə qoşulacaqlar:
57 kq
Təsnifat mərhələsi
Jalə Əliyeva – Erika Boqnar (Macarıstan)
62 kq
1/8 final
Birgül Soltanova – Qreys Bullen (Norveç)
65 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikoleta Barmpa (Yunanıstan)


