Mariya Stadnik və Sənan Süleymanovdan ilk görüşdə qələbə!

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Arena.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Mariya Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.

Bu gün həm də Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 77 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sənan Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Olimpiadada mübarizəyə ötən gündən start veriblər. İlk gündə mübarizəyə qoşulmuş Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Murad Məmmədov startda uduzub. Sabah Şəriəti isə yarımfinalda uduzduğu üçün bu gün bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.