“Barselona”nın alman əsas qapıçısı Mark-Andre ter Ştegen aldığı ağır zədə səbəbindən keçirdiyi cərrahi əməliyyatdan uğurla çıxıb.
Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir:
“Birinci komandanın oyunçusu Mark-Andre ter Ştegen Barselona xəstəxanasında “Barcelona” Futbol Klubunun tibbi xidmətinin nəzarəti altında doktor Joan Karles Monlyau tərəfindən həyata keçirilmiş, sağ dizindəki dizqapağı vətərindən uğurla əməliyyat edilib. O, tam sağalmayana qədər meydana çıxa bilməyəcək”, – “blauqrana”nın bəyanatında deyilir.
Xatırladaq ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib.
Müxtəlif mətbuat səhifələrində yayılmış xəbərlərə görə, alman qapıçının təxmini sağalma müddəti yeddi aydan səkkiz aya qədər çəkə bilər.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.
Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.
Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.