“Barselona”nın zədəli alman qapıçısı Mark-Andre ter Ştegen zədədən bərpa mərhələsindəki səhhəti haqda söhbət açıb.
Arena.az xatırladır ki, sentyabrın əvvəlində “blauqrana”nın əsas qapıçısı dizüstü vətərinin qopması ilə bağlı zədə yaşamışdı.
Hazırda Ter Ştegen kök hüceyrələrin istifadəsini nəzərdə tutan müalicədən keçir.
“Mütləq həvəslə oynayan bu oğlanları təmsil etmək mənə böyük qürur verir. “Barsa”nın demək olar ki, hər şeyi qazandığı o illərdə hamı “blauqrana”nın bir parçası olmaq istəyirdi. Bu, mənə və ailəmə sərsəm görünürdü və mənim, nə vaxtsa burada olmaq istəyəcəyim, həmişə ağlımda idi.
Sağalmağıma gəlincə, hər şey yaxşı gedir, mən etibarlı əllərdəyəm. Hazırda elə bir mərhələdəyəm ki, hər şey çox vaxt aparır. Mən komanda yoldaşlarımı hər gün görürəm və məsləhətləri bölüşmək, onlara hər şeydə kömək etmək üçün isə onların yanında olmağa çalışıram”.
Xatırladaq ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib. Daha sonra alman qapıçı uğurla cərrahi əməliyyat edilib və hazırda sağlama və bərpa mərhələsindədir. Qapıçının 7 aydan 8 aya qədər qapılar önündə görünməyəcəyi təxmin edilir.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ter Ştegen 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.
Alman qapıçı “Barselona”da ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.
Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasında 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.


