Mark Flekken “Frayburq”u bu kluba dəyişdi – 13 milyon avroya

Futbol üzrə Niderland milli komandasının və Almaniyanın “Frayburq” klubunun qapıçısı Mark Flekken İngiltərə “Brentford”una transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərə klubu bu transfer üçün almanlara 13 milyon avro ödəyib. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. O, 2027-ci ilin 30 iyununa kimi “Brentford”a məxsus olacaq.

Mark Flekken 2018-ci ilin iyul ayında “Duysburq”dan 2 milyon avro qarşılığında “Frayburq”a keçmişdi. O, bu komandanın heyətində 96 oyuna çıxıb, 123 qol buraxıb, 30 matçda isə qapısını toxunulmaz saxlamağa nail olub.

Flekken Almaniyada “Alemanniya” (Aahen), “Qroyter” və “Duysburq”un da uğurları üçün çalışıb. Qapıçı Niderland milli komandasında da 4 oyun keçirib.