Mark Kukurelya: “Çelsi”də xoşbəxtəm”

“Çelsi”nin ispan müdafiəçisi Mark Kukurelya İngiltərə klubunun düşərgəsində yer almasından şad olduğunu açıqlayıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən “Çelsi”də çox xoşbəxtəm. Ailəm də burada xoşbəxtdir. Biz yaxşı azarkeşləri olan yüksək səviyyəli bir klubdayıq. Ümidvaram ki, mən burada uzun müddət qala biləcəyəm”, deyə Kukurelya bildirib.

Xatırladaq ki, Mark Kukurelya “Espanyol” və “Barselona”nın futbol məktəblərini keçib. İspan futbolçu vaxtilə “blauqrana”da cəmi 1 oyun keçirib. Kukurelya İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” bu futbolçunu 18 milyon avro məbləğ müqabilində “Brayton”a satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro məbləğ ödəməklə ispan müdafiəçini heyətinə qatıb.

Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.

Kukurelya cari mövsümdə “zadəganlar”ın heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Kukurelyanın “zadəganlar”ın heyətində çıxışının ümumi mənzərəsi 67 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Kukurelya “qırmızı qəzəb”lə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2017/2018) da var.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.