“Barselona”nın sabiq futbolçusu, 18 yaşlı ispan hücumçu Mark Qiu bu yay İngiltərənin “Çelsi” klubuna keçidini şərh edib.
Arena.az Qiunun bu barədə fikrini təqdim edir:
“İngiltərə Premyer Liqasında oynamaq həmişə arzum olub. “Çelsi” isə zəngin tarixə malik böyük ingilis klubudur. Bu, çətin bir qərar idi, həm də heyrətamiz bir fürsət idi, ona görə də ondan istifadə etməli oldum”, deyə ispan futbolçu vurğulayıb.
Xatırladaq ki, “zadəganlar” Qiunun transferi üçün Kataloniya təmsilçisinə 6 milyon avro ödəyiblər. 18 yaşlı ispan futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
Mark Qiu “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 7 oyuna çıxmağa imkan tapıb və 2 qol vurub.
İspaniyanın U-17 yığmasında da oynamış forvard bu ildən U-19-a dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı hücumçunun dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.