“Neftçi”nin Macarıstandan olan mərkəz müdafiəçisi, 30 yaşlı futbolçu Mark Tamaş ölkəsinin mətbuatına açıqlama verib.
Arena.az xəbər o, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdən danışıb, bu nəticəyə layiq olmadıqlarını bildirib:
“Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu. Buna görə ruhdan düşmürük. Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”.
Müdafiəçi hücum xəttində yer alan futbolçulardan daha effektli oyun gözlədiyini gizlətməyib: “Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram”.
Macar futbolçu “ağ-qaralar”ın rumın baş məşqçisi Adrian Mutunun komandanı bu vəziyyətdən çıxaracağına əminliyini də ifadə edib: “Əvvəlcə Avropa Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı yaxaladım. Buna görə çox şadam. Son 3-4 görüşdə özümü gözlədiyim formada hiss etdim. Baş məşqçimiz Adrian Mutu mənə güvənir. Xoşbəxtlikdən klub rəhbərliyi də ona inanır. O, ötənlərin məşhur hücumçusudur. Şübhəsiz ki, bizi daha effektli etməyin yolunu tapacaq. Bəlkə də hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar”.
Mark Tamaş Macarıstan millisinə çağırılmamasından da söz açıb və bunu normal qarşıladığını dilə gətirib: “Yığmamız son vaxtlar sabit və uğurlu futbol göstərir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.