Mark Tamaş rəsmən “Neftçi”də!

Futbol üzrə Macarıstan milli komandasının və Rumıniyanın “Sepsi” klubunun mərkəz müdafiəçisi Mark Tamaş “Neftçi”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş 2022-ci ilin sentyabrından “Sepsi”də forma geyinirdi. O, Rumıniya təmsilçisində 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Super Kubokunun qalibi olub.

“Neftçi”nin yeni müdafiəçisi karyerası ərzində Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” klublarında da çıxış edib. O, Macarıstan milli komandasının heyətində 1 oyun keçirib.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası da transfer etmişdi. “Turan Tovuz”da icarədə olan Turan Vəlizadəni qaytaran paytaxt klubu İvan Brkiç və Emin Mahmudovla da yeni müqavilə bağlayıb. Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk ediblər.