Futbol üzrə Braziliya milli komandasının və Fransanın PSJ klubunun müdafiəçisi Markinyos Liqa 1 təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Fransa nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı mərkəz müdafiəçisi yeni müqaviləyə əsasən 2028-ci ilin 30 iyununa kimi PSJ-nin uğurları üçün çalışmağa davam edəcək. Təcrübəli oyunçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.
Xatırladaq ki, tam adı Markos Aoas Korrea olan braziliyalı PSJ-yə 2013-cü ilin iyul ayında İtaliyanın “Roma” klubundan 31.40 milyon avro qarşılığında keçib. Bu komandanın kapitanı olan futbolçu indiyə qədər Paris təmsilçisində 405 oyuna çıxıb. O, bu görüşlərdə 38 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Markinyos daha öncə yalnız “Roma” (30 oyun) və “Korintians”ın (6 oyun, 1 məhsuldar ötürmə) uğurları üçün çalışıb. Müdafiəçi Braziliya milli komandasında da 76 oyuna çıxıb, 5 qol vurub.