Marko Benassi “Fiorentina”nı “Kremoneze”yə dəyişdi

İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Marko Benassi Florensiya təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, İtaliyadan olan 28 yaşlı futbolçu A Seriyasının digər təmsilçisi “Kremoneze”yə keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Futbolçunun bu mövsümün sonuna kimi icarə əsasında “Kremoneze”nin uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Onun “Fiorentina” ilə müqaviləsinin müddəti isə 2024-cü ilin 30 iyununa kimidir.

Marko Benassi “İnter”in yetirməsidir. Milan təmsilçisində cəmi 13 oyun keçirmiş (1 qol, 1 məhsuldar ötürmə) yarımmüdafiəçi, “Fiorentina”ya keçənə qədər “Livorno” və “Torino”da da oynayıb. Florensiya klubuna 2107-ci ilin avqustunda 12 milyon avro qarşılığında keçən futbolçu, bu komandada 106 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 5 məhsuldar ötürmə edib. Benassi daha öncə “Verona” və “Empoli”də də icarədə olub. O, İtaliyanın U-18, U-19 və U-21 yığmalarının da formasını geyinib.

“Kremoneze” öz hücumçusu Luka Stritsolonu isə “Modena”ya icarəyə verib. İtaliyadan olan 30 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2019-cu ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 66 oyuna 13 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha öncə “Pordenone” və “Peruca”ya da icarəyə verilmişdi. O, “Kremoneze”dən öncə “Piza”, “Trevizo”, “Real Viçentsa”, “Lukkeze” və “Çittadella” kimi klubların da formasını geyinib.

Uruqvaydan olan yarımmüdafiəçi Xayme Baes isə “Kremoneze”dən birdəfəlik ayrılıb. O, İtaliyanın digər klubu “Frozinone”yə keçib. 27 yaşlı vingerin yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Xayme Baes 2021-ci ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 56 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi karyerası ərzində “Kozentsa”, “Peskara”, “Spetsiya”, “Livorno”, “Fiorentina”, “Defensor Sportinq” və “Yuventud” kimi klubların da formasını geyinib. O, Uruqvayın U-20 yığmasında da oynayıb.