“Komo”nun “Çezena”da icarədə çıxış edən italyan müdafiəçisi Marko Kurto irqçi ifadələrə görə 10 oyunluq cəza tədbiri ilə cəzalandırılıb.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Hadisə bu ilin iyul ayında “Komo”nun İspaniyanın Marbelya şəhərindəki təlim-məşq toplanışı zamanı İngiltərə təmsilçisi “Vulverhempton”la keçirdiyi yoxlama görüşündə baş verib. Müdafiəçinin öz komanda yoldaşına rəqib futbolçu Hvan Hi Çan haqqında “Ona məhəl qoyma, özünü Ceki Çan hesab edir” dediyi üzə çıxıb. Cənubikoreyalı hücumçu isə ona qarşı irqçi fikirlər səsləndirən italiyalı oyunçununun cəzalandırılmasına nail olub.
FIFA sözçüsü müvafiq qərarı təsdiqləyib: “Oyunçu Marko Kurto ayrıseçkilik törətməkdə təqsirli bilinib və 10 oyunluq cəzalandırılıb”.
Mənbənin məlumatına görə, Kurto cəzasının yarısını dərhal çəkəcək, qalan cəza isə 2 illik sınaq müddəti ilə təxirə salınacaq.
Vurğulayaq ki, Kurto irqçiliyi müqabilində ictimai xidmət də göstərməlidir ku, bu həm özünün ağlının başına gəlməsi üçün xeyirlidir və həm də başqalarına nümunə xüsusiyyəti daşıyır.
Həmçinin Kurto FIFA tərəfindən təsdiqlənmiş təşkilatda gələcəkdə müvafiq səhvlərə bir daha yol verməməsi üçün xüsusi təhsil və təlim keçməlidir.
Qeyd edək ki, Marko Kurtonun “Çezena” klubu ilə icarə müddəti 2025-ci ilin yayına qədərdir.