Marko Pelleqrino və Luka Romero “Milan”ı tərk etdilər

İtaliyanın “Milan” klubu iki futbolçusu – mərkəz müdafiəçisi Marko Pelleqrino və sağ vinger Luka Romero ilə yollarını ayırıb.

Arena.az bu barədə A Seriyası nəhənginin rəsmi saytına istinadən xəbər verir.

Pelleqrino Argentinanın “Hurakan” klubuna icarəyə verilib. 22 yaşlı argentinalı futbolçu 2025-ci ilin 31 dekabrına qədər vətənində top qovacaq. Gələn ilin əvvəlində isə o, 2028-ci ilin 30 iyununadək müqaviləsinin olduğu “Milan”a qayıdacaq.

Marko Pelleqrino Argentinanın “Platense” klubunun yetirməsidir. 2023-cü ilin avqust ayında 3,5 miyon avro qarşılığında “Milan”a cəlb olunmuş argentinalı futbolçu İtaliya klubunun əsas komandasında cəmi 1 matça çıxıb. O, daha öncə “Salernitana” və “İndependiente” kimi klublarda da icarədə olub. 21 yaşlı futbolçu Argentinanın U-23 yığmasına da dəvət alır.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Luka Romero isə “Milan”dan birdəfəlik ayrılaraq “Krus Asul”a keçib. Meksika klubu bu transfer üçün “Milan”a 3,3 milyon avro ödəyib. 20 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2030-cu ilin 30 iyununa qədər anlaşıb.

Peşəkar karyerasına “Malyorka”da başlamış Luka Romero İtaliyada “Latsio”nun da şərəfini qoruyub. “Milan” onu 2023-cü ilin iyul ayında heyətinə qatsa da, gənc futbolçu bu klubun əsas komandasında cəmi 5 oyuna çıxıb. Bu üzdən də argentinalı vinger ötən mövsümün ikinci dövrəsini İspaniyanın “Almeriya” klubunda icarədə keçirib. Bu mövsümün əvvəlində isə o, İspaniyanın “Alaves” klubuna icarəyə verilmişdi. Amma “Krus Asul”dan aldığı təklif onun La Liqa təmsilçisindən də vaxtından öncə ayrılmasına gətirib çıxarıb.

Luka Argentinanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, hazırda isə U-20-yə dəvət alır.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.