Marko Roys “Borussiya” ilə yeni müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumameyilli yarımmüdafiəçisi Marko Roys Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı vingerin müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa kimi artırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Roys 2012-ci ilin iyul ayından “Borussiya”nın formasını geyinir. O, Dortmund təmsilçisinin heyətində indiyə qədər 382 oyuna çıxıb. Almaniyalı futbolçu bu matçlarda 161 qol vurub, 120 məhsuldar ötürmə müəllifi olub.

Almaniya yığmasının üzvü karyerası ərzində “Borussiya” (Mönhenqladbax) və “Roy Vays Ahlen” klublarının da şərəfini qoruyub. O, ölkəsinin milli komandasında da 48 oyuna çıxıb, 15 qola imza atıb.

Onu da qeyd edək ki, Marko Roys “Borussiya”nın tarixində ən məhsuldar futbolçudur. O, bunu Almaniya Bundesliqasının cari mövsümünün 25-ci turunda “Köln”ə qarşı keçirdikləri ev oyununda dubla imza atmaqla rəsmiləşdirib. Ondan əvvəlki rekord Mixael Zorka məxsus idi – 159 qol.