“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys 2023/2024 mövsümündə komandanın kapitan sarğısından imtinasının səbəbini açıqlayıb.
Arena.az “Sport1.de” dərgisinə istinadən alman yarımmüdafiəçinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Özümü daha azad hiss etmək istədiyim üçün kapitan sarğısından imtina etmək qərarına gəldim. Beş il bu vəzifəni daşımaq yük yox, şərəf idi.
Mən təzyiqi yox, məsuliyyəti ötürmək istəyirdim. Ən çox isə özümə təzyiq edirəm. Qoluma sarğı taxsam da, taxmasam da, həmişə özümü son həddə çatdırmaq istəyirəm. Şəxsən mənim üçün mövsümün başlanğıcı da çətin oldu. “Köln”lə ilk oyundan sonra özümü iki dəfə ehtiyat oyunçular skamyasında tapdım. Bu, mənim üçün qeyri-adi idi, amma mən vəziyyətlə tez barışmağa və nikbin nizamımı saxlamağa çalışdım. Məşqlərimi təkmilləşdirməyə davam etdim və olduqca tez meydana qayıtdım.
Ancaq ilk altı aydakı çıxışım məni qane etmir. Bir neçə oyun vardı ki, bütün varlığımı verməmişəm. Mənim təkmilləşmək üçün imkanım var”, deyə Roys bildirib.
Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçinin Dortmund klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Cari mövsümdə Roys “Borussiya”nın heyətində 22 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib. Roysun Dortmund klubunun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 409 oyun, 166 qol, 124 məhsuldar ötürmə.
Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.
Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.