Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumameyilli yarımmüdafiəçisi Marko Roys Bundesliqa təmsilçisinin tarixinə düşüb. Arena.az xəbər verir ki, 33 yaşlı vinger sözügedən klubun tarixində ən məhsuldar futbolçuya çevrilib.
O, bunu Almaniya Bundesliqasının 25-ci turunda “Köln”ə qarşı keçirdikləri ev oyununda dubla imza atmaqla bacarıb. Almaniyalı futbolçu komandasının 6:1 hesablı qələbəyə sevindiyi matçın 32 və 70-ci dəqiqələrində fərqlənib. Bununla da təcrübəli yarımmüdafiəçi “Borussiya”nın heyətində vurduğu ümumi qolların sayını 161-ə çatdırıb. Nəticədə Roys klub tarixinin mütləq bombardirinə çevrilib. O, Mixael Zorka məxsus 159 qolluq rekordu yeniləyib.
Xatırladaq ki, Marko Roys 2012-ci ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund təmsilçisində 377 oyuna 161 qol vurub, 120 məhsuldar ötürmə müəllifi olub.
Almaniya yığmasının üzvü karyerası ərzində “Borussiya” (Mönhenqladbax) və “Roy Vays Ahlen” klublarının da şərəfini qoruyub. O, ölkəsinin milli komandasında da 48 oyuna çıxıb, 15 qola imza atıb.