Marko Roys rəsmən MLS klubunda

Dortmund “Borussiyası”nın sabiq yarımmüdafiəçisi Marko Roys bundan sonra “Los Anceles Qalaksi” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə MLS təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

35 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2,5 illik (2026-cı ilin 31 dekabrına qədər) müqavilə imzalanıb.

Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçinin Dortmund klubu ilə müqaviləsi 2023/2024 mövsümün sonunda başa çatmışdı və o, doğma klubundan azad agent kimi ayrılmışdı.

2023/2024 mövsümündə Roys “Borussiya”nın heyətində 42 oyuna çıxıb, 9 qol vurub və 10 məhsuldar ötürmə verib. Roysun Dortmund klubunun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 429 oyun, 170 qol, 131 məhsuldar ötürmə.

Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.
Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.