Marko Roze “Leypsiq”lə müqaviləsini yenilədi

Almaniyanın “Leypsiq” klubu əsas komandanın baş məşqçisi, alman mütəxəssis Marko Roze ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Alman mütəxəssislə yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

47 yaşlı Roze Leypsiq sakinidir. Alman mütəxəssis peşəkar məşqçilik karyerasına 2010-cu ildə “Maynts”da baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. Roze məşqçilik karyerası ərzində Leypsiq “Lokomotiv”i, “Zalsburq”, Mönhenqladbax “Borussiya”sı və Dortmund “Borussiya”sını çalışdırıb.

Marko Roze “Leypsiq”in sükanı arxasına 2022-ci ilin sentyabrında keçib. “Öküzlər” Rozenin rəhbərliyi altında ümumilikdə 86 oyuna 53 qələbə, 14 heç-heçə, 19 məğlubiyyət yaşayıblar. Komandanın top fərqi isə 184:101 nisbətindədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə “Leypsiq” Almaniya Bundesliqasını 65 xalla 4-cü yerdə fəxri mükafatçı kimi bitirib. “Öküzlər” növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.