Marko Silva “Əl-Əhli”nin hədəfində

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu hazırda “Fulhem”i çalışdıran portuqal mütəxəssis Marko Silva ilə əməkdaşlığı hədəfləyib.

Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Əl-Əhli” nümayəndələri portuqal mütəxəssisə mövsümü 46 milyon avro məvaciblə iki illik müqavilə təklif ediblər.

Marko Silvanın “Fulhem”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaq. 46 yaşlı mütəxəssisin İngiltərə klubu ilə müqaviləsində 7 milyon avro məbləğində sərbəstburaxılm maddəsi qeyd edilib. “Əl-Əhli” həmçinin bu şərti də ödəməyə hazırdır.

Marko Silvanın rəhbərliyi altında “Fulhem” geridə qalmış 2022/2023 mövsümündə Premyer Liqanı 38 oyundan 52 xalla 10-cu yerdə tamamlayıb.

Marko Silva məşqçilik karyerasına 2011-ci ildə Lissabon “Estoril”ində başlayıb. Ardınca Lissabon “Sportinq”ini, Yunanıstan “Olimpiakos”unu çalışdırıb. Daha sonra Silva İngiltərəyə üz tutub və “Hall Siti”, “Uotford” və “Everton” kimi komandalarla işləyib. Portuqal mütəxəssis 2021-ci ildən “Fulhem”i çalışdırır. O, “Eştoril” ilə Portuqaliya Sequndasını qazanıb (2011/2012). “Sportinq”lə Portuqaliya Kubokunun qalibi olub (2014/2015). “Olimpiakos”la Yunanıstan Super Liqasında çempionluğu bayram edib (2015/2016). 2021/2022 mövsümündə “Fulhem”lə Çempionşipi qazanaraq, “bağçılar”ı Premyer Liqaya qaytarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: