Marko Veşoviç: “100 faiz gücümüzü, ürəyimizi meydanda qoyduq”

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya təmsilçiləri arasında Bakıda baş tutmuş görüşdə təmsilçimiz 2:3 hesabıyla məğlub olub.

Amma “Qarabağ” səfərdə bu rəqibinə 4:2 hesabıyla qalib gəldiyi üçün, ümumi hesabda “Braqa”dan 6:5 üstün olub və növbəti mərhələyə yüksəlib.

Matçdan sonra Marko Veşoviç jurnalistlərlə söhbətləşib. 32 yaşlı monteneqrolu müdafiəçi Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

  • Görüş barədə təəssüratlarınız necədir?
  • Nə hiss edə bilərəm? Biz xoşbəxtik, razıyıq. Tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu, bizim üçün çox vacibdir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik.
  • Performansınızdan razı qaldınız?
  • Bu gün özümdən də razıyam. Komandama kömək etdim. Fikrimcə, bütün oyunçular yaxşı oynadılar, 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Emosional bir matç idi. Yəqin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar.
  • Növbəti mərhələdə hansı rəqiblə qarşılaşmaq istəyərdiniz?
  • Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə, şadıq və bu andan həzz almaq istəyirik.

Xatırladaq ki, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klubdur. Avroliqanın 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – fevralın 23-də atılacaq.

Nahid Məmmədov