“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin oyunçusu Edvin Kuç Monteneqro yığmasında növbəti oyunlarını keçiriblər.
Arena.az xəbər verir ki, Azərbaycanda çıxış edən bu iki oyunçunun formasını geydiyi Monteneqro millisi ötən gecə UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Uels yığması ilə qarşılaşıb.
Kardiff şəhərində təşkil olunmuş oyun Uels milli komandasının qələbəsi ilə başa çatıb – 1:0. Harri Uilsonun 36-cı dəqiqədə penaltidən vurduğu qol meydan sahiblərinə vacib 3 xal qazandırıb.
Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Yankoviç 82-ci dəqiqədə məhz Kuçka əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Uels yığması isə 8 xalla 2-ci pillədə qərarlaşıb. Bu qrupa 10 xala malik Türkiyə millisi liderlik edir.
Edvin Kuç “Neftçi”yə bu ilin yayında azad agent kimi keçib. 30 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, “ağ-qaralar”ın heyətində 6 oyuna çıxsa da, fərqlənə bilməyib. Kuç 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 9 oyun keçirib, 3 qol vurub.
Marko Yankoviç isə 2022-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. 29 yaşlı yarımmüdafiəçinin Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “Qarabağ”ın heyətində 98 oyuna çıxıb, 7 qol vurub, 13 assist edib. Marko 2016-cı ilin mayında debüt etdiyi Monteneqro yığmasında 49 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.


