Marko Yankoviç və Marko Veşoviçə milli dəvət

Azərbaycan çempionu “Qarabağ”ın futbolçuları – Marko Veşoviç və Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki yığmaya 25 futbolçu dəvət edib. Onun siyahısında “Qarabağ”ın üzvləri də yer alıblar.

Qeyd edək ki, Monteneqro millisi iyunun 5-də Brüsseldə Belçika yığması ilə, iyunun 9-da isə Podqoritsada Gürcüstan seçməsiylə yoldaşlıq oyununda qarşılaşacaq.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 28 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 86 oyun keçirib, 7 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 47 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Marko Veşoviç isə 2021-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. 32 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisində 103 oyun keçirib, 4 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 54 oyun keçirib, 2 qol və 3 assistlə yadda qalıb.