“Qarabağ”ın futbolçuları – yarımmüdafiəçilər Marko Yankoviç, Yassin Benzya və Patrik Andrade ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Yankoviç Monteneqro millisinə, Benzya Əlcəzair yığmasına, Andrade isə Kabo Verde milli komandasına dəvət alıb. Ağdam klubu hər üç legionerinə qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Patrik Kabo Verde yığmasının Afrika Millətlər Kubokunda Bostvanaya qarşı keçirəcəyi oyunlarda iştirak etmək şansı qazanıb. Bu komandaların ilk oyunu sabah – oktyabrın 10-da Kabo Verdedə baş tutacaq. İkinci oyun isə ayın 15-də keçiriləcək.
Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinir. O, 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də “Qarabağ”da çıxış edib. Patrik “Qarabağ”da bütövlükdə 121 oyuna çıxıb, 15 qol vurub, 16 məhsuldar ötürmə verib. Andrade 2020-ci ilin oktyabr ayında debüt etdiyi Kabo Verde yığmasının heyətində 27 oyuna çıxıb, fərqlənə bilməyib.
Yassin Benzyanı isə Əlcəzair yığmasının heyətində Afrika Millətlər Kubokunda Toqo millisi ilə iki oyun gözləyir. Bu komandaların ilk oyunu sabah Əlcəzairdə keçiriləcək. Cavab görüşü isə ayın 14-də Toqoda baş tutacaq.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 69 oyuna çıxıb, 20 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasının heyətində 10 oyuna çıxıb, 4 qol və 1 assistlə fərqlənib.
Marko Yankoviçli Monteneqro yığması isə UEFA Millətlər Liqası çərçivəsində səfərdə Türkiyə və Uels milli komandaları ilə qarşılaşacaq. Türkiyə ilə oyun oktyabrın 11-də, Uelslə görüş isə ayın 14-də keçiriləcək.
Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 28 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 98 oyun keçirib, 7 qol və 13 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 48 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub.



