Markos Alonso və Serjinyo Dest “Barselona”nı tərk etdilər

İspaniyanın “Barselona” klubu sol cinah müdafiəçiləri – Markos Alonso və Serjinyo Dest ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi saytında məlumat yayıb.

Hər iki futbolçu komandanı azad agent kimi tərk edib. Alonsonun karyerasını harada davam etdirəcəyi hələ bilinmir. Dest isə ötən mövsümü icarəyə keçirdiyi PSV ilə tamhüquqlu əsasda müqaviləyə imza atıb.

Qeyd edək ki, Markos Alonso “Real”ın futbol akademiyasının yetirməsidir. Amma o, əsas komandada cəmi 1 oyun keçirib və elə, İspaniya nəhənginin ehtiyat komandası “Kastilya”dan “Bolton”a transfer edilib. Sonrakı illərdə Alonso “Fiorentina” və “Sanderlend” arasında icarə və satış üzrə var-gəl edib, 2016-cı ilin avqustunda “Çelsi”yə, 2022-ci ilin sentyabrında isə “zadəganlar”ın düşərgəsindən “Barselona”ya keçib.

Alonsonun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış 2023/2024 mövsümündə Alonso kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyuna çıxıb. Alonsonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 45 oyun, 3 qol.

Alonoso “Barselona” ilə 2022/2023 mövsümündə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub. Həmçinin Alonso “Çelsi” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Markos Alonso 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Dest 2020-ci ilin payızında “Ayaks”dan 21 milyon avro müqabilində “Barselona”ya transfer edilmişdi. Amerikalı müdafiəçinin bu klubla müqaviləsi 2025-ci ilin yayına qədər idi.

Serjinyo “Barselona”nın heyətində 72 oyuna çıxıb, 3 qol vurub, 4 assist verib. O, Kataloniya təmsilçisində olduğu müddətdə “Milan” və PSV-də icarəyə də verilib.

Dest ABŞ yığmasında 33 oyuna 2 qol vurub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Desti 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: