Markos Senna: “Lionel Messi getdiyi hər yerdə ehtiras yaradır”

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Markos Senna “İnter Mayami”nin argentinalı superulduzu Lionel Messidən danışıb.

Arena.az bu barədə “Marca” nəşrinə istnadən məlumat verir.

Senna hesab edir ki, Lionel Messinin “İnter Mayami”yə keçidi MLS-in inkişafına müsbət təsir göstərəcək. İspaniyalı yarımmüdafiəçi argentinalı superulduzun 2026-cı il dünya çempionatında mümkün iştirakı barədə də danışıb:

“Messi 2026-cı il dünya çempionatında oynayacaq? Leonun halında hər şey mümkündür. Şəxsən mən bunu çox istərdim. Ümid edirəm ki, o, heç vaxt futbolu tərk etməz, biz onu növbəti dünya çempionatında görüb oyunundan həzz alacağıq.

Messi getdiyi hər yerdə ehtiras yaradır. O, hazırda dünyanın ən yaxşısıdır. Messi illərdir tərəqqiyə çalışan ölkəni seçdi.

Mənim ABŞ-da dostlarım var. Mən eşitmişəm ki, amerikalılar futbolda nəhəng addımlar atırlar. Bu ölkə nəyisə istəyirsə, bunu çox gözəl edir. Futbola maraq hər gün artır”, deyə Markos Senna bildirib.

Xatırladaq ki, Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb. Son vaxtlar yüngül zədədən əziyyət çəkən Messi ötən həftə nəhayət yaşıl meydanlara qayıtsa da, komandasının həlledici oyunda uğursuzluq yaşayıb. Belə ki, MLS müntəzəm çempionatı çərçivəsində “Sinsinnati”ni qəbul etmiş “İnter Mayami” argentinalı superulduzun cəhdlərinə rəğmən, rəqibə minimal hesabla məğlub olaraq (0:1) pley-off imkanlarını itirib.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.