Markus Raşford gecə klubunda əyləndi, məşqi buraxdı

“Mançester Yunayted”in ingiltərəli sol vingeri Markus Raşford gecə klubunda əyləndiyindən komandanın məşqini buraxmaq məcburiyyətində qalıb.

Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın hücumçusu Cümə günü səhər məşq etmək üçün çox “xəstə” olduğunu kluba xəbər verməzdən bir neçə saat əvvəl gecə klubunda olubmuş. Raşfordun Çərşənbə gecəsi gecə klubunda əylənmək üçün ölkənin o biri başına – Belfasta (Şimali İrlandiya) yollandığı bildirilir. Amma Markusun növbəti axşam da gecə klubunda keçirdiyi vurğulanır.

Daha əvvəl, mətbuatda Markus Raşfordun hər iki gecəni Belfastda əyləndiyi haqda məlumat yayılmışdı. Klublara baş çəkdikdən sonra Markus özünü pis hiss edib və Belfastdan Mançesterə qayıdış uçuşunu təxirə salmaq məcburiyyətində qalıb. Öz növbəsində “Mançester Yunayted” bu biabırçılığa şərh verməkdən imtina edib. Həmçinin məsuliyyətsiz “qəhrəman” Raşford da eyni mövqedən çıxıb edib və məsələni sükutla ötüşdürməyə üstünlük verib.

Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 26 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 385 oyun, 127 qol, 74 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 59 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.