“Mançester Yunayted”in hücumçusu Markus Raşford İngiltərə Kubokunun 1/4 finalında “Liverpul”la oyunda qazandıqları qələbədən danışıb.
Arena.az xatırladır ki, “Old Trafford”də keçirilmş dramatik oyunda “qırmızı şeytanlar” “Liverpul”u əlavə vaxtın təzminat dəqiqələrində (120+1) vurduqları qolla mübarizədən kənarlaşdırıblar – 4:3.
Bu oyunda əvvəldən sonadək meydanda olan Raşford, 112-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb. O, matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Stadionun səs-küyünə qulaq asın, bu, böyük oyun, böyük hadisədir. “Old Trafford”da belə axşamlar hər şeyin bunun uğrunda edilməsindən ibarətdir. Bugünkü oyun məndə olan hər şeyi əks etdirir. Bu, “Mançester Yunayted”in tarixində vacib oyundur. Bu, bizə yarımfinala çıxmağa imkan verdi, amma “Liverpul” ilə adi oyunda belə, qalib gəlməliyik”, deyə Raşford vurğulayıb.
Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 394 oyun, 131 qol və 74 məhsuldar ötürmə.
Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 59 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


