Markus Raşford: “Mançester Yunayted”ə tamamilə sadiqəm”

“Mançester Yunayted”in ingiltərəli sol vingeri Markus Raşford “qırmızı şeytanlar”a sadiqliyindən söhbət açıb.

Arena.az jurnalst Fabrisio Romanoya istinadən, Raşfordun bu barədə fikirlərini təqdim edir:

“Bax, mən mükəmməl insan deyiləm. Səhv edəndə ilk əlimi qaldırıb özümü daha yaxşı aparmalı olduğumu deyəcəyəm. Amma əgər nə vaxtsa “Mançester Yunayted”ə sədaqətimə şübhə etsəniz, o zaman mən öz fikrimi deməliyəm”, deyə Raşford vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “qırmızı şeytanlar”ın baş məşqçisi, holland mütəxəssis Erik ten Haqın Raşfordla ünsiyyətini azaltdığı haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Raşfordun barda içki içərək halının pisləşməsi və Erik ten Haqa guya xəstələndiyi haqda məlumat verməsindən sonra üzə çıxmış həqiqəti holland mütəxəssis ingilis futbolçuya bağışlamayıb.

Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. Markus 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 32 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 391 oyun, 128 qol, 74 məhsuldar ötürmə.
Markus Raşford 2016-cı ilin mayında debüt etdiyi İngiltərə yığmasının heyətində 59 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.